XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
17 İyun, 2026
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur

17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər.

Vətən müharibəsində şəhid olmuş tibb işçilərinə aid bir sıra materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda mühafizə olunur. Fondda şəhid hərbi həkim və tibb işçilərinə məxsus hərbi geyimlər, tibbi ləvazimatlar, şəxsi əşyalar, fotoşəkillər, sertifikatlar, fəxri fərmanlar və digər materiallar saxlanılır. Bu eksponatlar sırasında tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevin, Tibb xidməti leytenantı Turqut Xəlilbəylinin, leytenant Adil Əfəndiyevin, Tibb xidməti leytenantı Azər Şəmilovun, Tibb xidməti leytenantı Mirlətif Ağayevin, Təcili Təxirəsalınmaz Yardım maşının sürücüsü, müharibə iştirakçısı Zahid Əliyevin və Vətən müharibəsi qazisi, sanitar-atıcı baş çavuş Orxan Həsənovun şəxsi əşyalarıdır.

Sözügedən materiallar 2021-ci ildə muzeydə təşkil olunmuş “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş etdirilmişdir. Həmin materiallar muzeyin Vətən Müharibəsi Fondunun materialları əsasında nəşr olunmuş “Böyük Qələbə Qəhrəmanları” (Bakı: “Aspoliqraf”, 2025, 240) kataloqunda da yer almışdır.