Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayeva görkəmli şairə Xurşidbanu Natəvan ilə bağlı muzeydə qorunan və ekspozisiyada nümayiş olunan materiallar haqqında AZƏRTAC-a müsahibə verib.
Aynur Babayeva bildirib ki, Muzeyin Etnoqrafiya fondunda mühafizə olunan Xurşidbanu Natəvana məxsus şəxsi kolleksiya onun çoxşaxəli yaradıcılığını əks etdirən qiymətli nümunələrdəndir. Fonda qorunan materiallar şairənin bədii tikmə nümunələrini və sənətkarlıq fəaliyyətini əhatə edir, onların bir hissəsi 1886-cı ildə tərtib olunmuş “Gül dəftəri” albomunda toplanıb.
Muzeyin “Azərbaycan mədəniyyəti” ekspozisiya bölməsində Natəvana məxsus xurcun, quranqabı, heybə, geyim dəsti, başmaq və digər eksponatlar nümayiş etdirilir. Aynur Babayeva qeyd edib ki, bu əşyaların əksəriyyəti Natəvanın öz əli ilə hazırlanıb və XIX əsr Azərbaycanının maddi-mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.