Beynəlxalq əməkdaşlıq çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizdə ilk dəfə keçirilən irimiqyaslı elmi tədqiqat layihəsinin – “1870-1920-ci illərdə Azərbaycanda və Gürcüstanda xarici ekspatlar” mövzusunda Beynəlxalq elmi seminarın tərəfdaşı və təşkilatçısı qismində çıxış etmişdir. Muzeyin iyunun 9-da “Villa Petrolea”da Helsinki Universitetinin Aleksandr İnstitutu, Almaniyanın, İsveçin Azərbaycandakı səfirlikləri, Finlandiyanın Cənubi Qafqazda səfirinin ofisi, Almaniyanın Maks Veber Fondu və Gürcüstan Milli Arxivi ilə birgə təşkil etdiyi seminarda Almaniya, Azərbaycan, Danimarka, Finlandiya, İsveç, Gürcüstan alimlərinin məruzələri dinlənilmiş, geniş fikir mübadiləsi aparılmışdır. Tədbir çərçivəsində xarici ölkə arxivləri və muzeylərində, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında qorunan fotoşəkillərdən və sənədlərdən ibarət “1870-1920-ci ilərdə Azərbaycanda və Gürcüstanda xarici ekspatlar” sərgisi keçirilmişdir. Beynəlxalq seminarda Milli Azərbaycan Tarixi Muzeyi və Helsinki Universitetinin Aleksandr Institutu arasında müştərək tədqiqatların aparılmasına, seminar və master-klassların,əməkdaşlığın genişləndirilməsi məqsədilə tədqiqatçıların səfərlərinin təşkilinə dair anlaşma memorandumu imzalanmışdır.