Özbəkistan Respublikası Elmlər Akademiyası və Özbəkistan Tarixi Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Muzeylər: ənənə, innovasiya və yenilənmənin inteqrasiyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi “Hacı Zeynalabdin Tağıyevin malikanəsi muzey obyekti kimi: memarlıq və tarixin sintezi” adlı məruzə ilə onlayn çıxış edib. Çıxış zamanı fotoslaydların nümayişi ilə müşayiət olunan təqdimatda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində H.Z. Tağıyevin malikanəsi unikal muzey məkanı kimi təqdim olunub. Bildirilib ki, bu tarixi bina yalnız ekspozisiya üçün istifadə olunan məkan deyil, həm də Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti kontekstində tarixi irsin daşıyıcısı kimi mühüm əhəmiyyət kəsb edir.
Konfransda ABŞ, Yaponiya, Türkiyə, Özbəkistan, Başqırdıstan, Qazaxıstan və digər ölkələrdən olan alimlərin də aktual mövzulara dair məruzələri dinlənilib və geniş müzakirələr aparılıb.
Konfrans materiallarının nəşri nəzərdə tutulur.