XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
13 Noyabr, 2026
Muzeydə “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Noyabrın 13-də Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyinin fond kolleksiyaları əsasında hazırlanmış “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərginin açılış mərasimi keçirilib.

Sərgi Qazaxıstanın zəngin tarixi-mədəni irsinin Azərbaycanda tanıdılması, iki ölkə arasında mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq muzey əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə təşkil olunub.

Sərgidə Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyinin kolleksiyasından qazax xalqının ənənəvi həyat tərzini, məişət mədəniyyətini, təsərrüfat fəaliyyətini və sənətkarlıq ənənələrini əks etdirən 69 etnoqrafik eksponat nümayiş etdirilib.

Ekspozisiya qazax xalqının çoxəsrlik köçəri mədəniyyətinin xüsusiyyətlərini və Böyük Çölün zəngin etnomədəni irsini əhatə edir. Sərgidə ənənəvi məişət və təsərrüfat əşyaları, at ləvazimatları, zərgərlik məmulatları, keçə və toxuculuq nümunələri, milli geyimlər və bəzək əşyaları təqdim olunub.

Beş tematik bölmədən ibarət ekspozisiyada nümayiş olunan eksponatlar qazax xalqının gündəlik həyatını, maddi və mənəvi dəyərlərini, estetik baxışlarını və nəsildən-nəslə ötürülən sənətkarlıq ənənələrini əks etdirir. Bu nümunələr həm də köçəri həyat tərzinin formalaşdırdığı mədəni xüsusiyyətlərin və tarixi ənənələrin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sərginin açılış mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyinin ümumi məsələlər üzrə direktor müavini vəzifəsini icra edən Askar Axmanov, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri Edil Mırzaxanov, Azərbaycan Respublikasının Xalq yazıçısı Elmira Axundova və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Leyla Həsənova çıxış ediblər.и

Çıxışlarda Azərbaycan və Qazaxıstan arasında tarixi dostluq münasibətlərindən, mədəni-humanitar əməkdaşlığın inkişafından və bu cür beynəlxalq sərgilərin xalqların mədəni irsinin qarşılıqlı tanıdılmasında əhəmiyyətindən bəhs olunub. Muzeylərarası əlaqələrin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin və mədəni irsin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyinin ümumi məsələlər üzrə direktor müavini vəzifəsini icra edən Askar Axmanov sərginin təşkilinə göstərdikləri dəstəyə və muzeylərarası əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarına təşəkkürnamələr təqdim edib.

Rəsmi hissədən sonra qonaqlar sərgi ilə tanış olub, nümayiş etdirilən eksponatların tarixi və etnoqrafik xüsusiyyətləri haqqında məlumat alıblar.

“Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi Azərbaycan və Qazaxıstan arasında mədəni əməkdaşlığın inkişafına, qarşılıqlı mədəni mübadilənin genişlənməsinə və qazax xalqının zəngin etnoqrafik irsinin Azərbaycan ictimaiyyətinə tanıdılmasına xidmət edir.

Sərgi 12 dekabr 2026-cı il tarixinədək ziyarətçilər üçün açıq olacaq