XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
16 Oktyabr, 2026
Muzeydə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və Müstəqilliyin Bərpası Gününə hərs olunmuş tədbir keçirilib

16 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri də iştirak ediblər. Görüşdə YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi və siyasi əhəmiyyəti müzakirə olunub.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qurultayda müəyyənləşdirilmiş prioritet istiqamətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. O, Prezident İlham Əliyevin qurultaydakı çıxışında müəyyənləşdirilmiş məqsəd və prioritetlərin partiyanın gələcək fəaliyyətində rəhbər tutulacağını qeyd edib.

Muzeyin ərazi partiya təşkilatının sədri, tarix elmləri doktoru, dosent Bəhman Kərimov 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının Azərbaycanın müstəqil dövlətçiliyinin hüquqi əsaslarını müəyyənləşdirdiyini qeyd edib.

Çıxışda Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının siyasi sabitliyin təmin olunmasında və dövlət quruculuğunun möhkəmləndirilməsində rolu vurğulanıb. Həmçinin 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə və beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə töhfəsi diqqətə çatdırılıb.

Bəhman Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən, 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən, Şuşanın azad edilməsindən və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpasından bəhs edib.

Tədbirdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası və sosial infrastrukturun yaradılması məsələlərinə də toxunulub. Sonda dövlət müstəqilliyinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə hörmət ruhunda tərbiyəsinin əhəmiyyəti vurğulanıb.