XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
11 Noyabr, 2026
Muzeydə Zəfər Gününə həsr olunmuş açıq dərs keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş açıq dərs keçirilib.

Muzeyin 44 günlük Vətən müharibəsinə və Azərbaycanın tarixi Zəfərinə həsr olunmuş ekspozisiya zalında təşkil edilən dərsdə Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Açıq dərsi Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Ülviyyə Niftəliyeva aparıb.

Dərs zamanı şagirdlərə 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyəti, 44 gün davam edən Vətən müharibəsinin gedişi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın tarixi Qələbəyə aparan mübarizəsi haqqında məlumat verilib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixi dönüş nöqtəsinə çatıb, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla başa çatıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edildiyi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu qeyd edilib.

Muzeyin ekspozisiyasında nümayiş etdirilən materiallar əsasında keçirilən dərs çərçivəsində şagirdlər Vətən müharibəsi iştirakçılarının və şəhidlərimizin xatirəsini yaşadan eksponatlarla, həmçinin hərbi həkimlərin şəxsi əşyaları ilə tanış olublar. Onlara müharibə dövründə nümayiş etdirilən fədakarlıq və qəhrəmanlıq nümunələri barədə ətraflı məlumat verilib. Eksponatlar əsasında aparılan müzakirələr şagirdlərə tarixi hadisələri real materiallar vasitəsilə daha yaxından dərk etmək imkanı yaradıb.

Açıq dərsin əsas məqsədi gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, onlarda Vətənə sevgi, dövlətçilik dəyərlərinə hörmət hissinin aşılanması və Zəfər tariximizin gələcək nəsillərə çatdırılması olub.