Milli Azərbaycan Tarixi Muzeyində 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar maarifləndirici interaktiv dərs, kvest-kviz oyunları və ustad dərsi təşkil olunub.
Tədbirdə Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
İnteraktiv dərs zamanı Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Ülviyyə Niftəliyeva şagirdlərə Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi tarixi bina – görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sarayı haqqında məlumat verib. Binanın memarlıq xüsusiyyətləri, interyer və eksteryeri, eləcə də Bakı şəhərinin memarlıq tarixindəki əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsinin rəhbərliyi ilə şöbənin əməkdaşları Qənirə Qafarlı, Kubra Dadaşova, Ülviyyə Niftəliyeva və Aynur Babayeva tərəfindən Hacı Zeynalabdin Tağıyevin sarayına həsr olunmuş kvest-kviz oyunları keçirilib. Şagirdlər interaktiv sual və tapşırıqlar vasitəsilə biliklərini sınayıb, tarixi-memarlıq irsi haqqında məlumatlarını möhkəmləndiriblər.
Tədbirin praktiki hissəsində şöbənin baş mütəxəssisi Nigar Əhmədlinin iştirakı ilə ustad dərsi təşkil olunub. Şagirdlər Qız qalası formasında hazırlanmış gips fiqurlarını rəngləyərək yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin əsas məqsədi şagirdlərin şəhərsalma və memarlıq sahəsində biliklərini artırmaq, Azərbaycanın tarixi-memarlıq irsinə marağı gücləndirmək, eləcə də onun qorunması və təbliği istiqamətində maarifləndirmə işini təşviq etmək olub.