XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
30 Oktyabr, 2026
Muzeyin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

29–30 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan tarixi silahşünaslığının aktual problemləri” adlı II Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

İki gün davam edən konfrans dörd sessiya üzrə təşkil olunub. Sessiyalarda Azərbaycan silahşünaslığının aktual problemləri, tarixi silahların mühafizəsi, bərpası və nümayişi, eləcə də onların incəsənətdə yeri və rolu müzakirə edilib.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları muzeyin zəngin kolleksiyasına əsaslanan elmi məruzələrlə çıxış ediblər. Muzeyin direktor müavini – baş mühafiz, tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalova “Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyası: tarixi yaddaşın və silahsazlıq sənətinin qoruyucusu” mövzusunda məruzə təqdim edib.

Daha sonra Silahlar və Bayraqlar fondunun müdiri Qətibə Həsənova, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva, muzeyin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aida İsmayılova, Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə və tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova müxtəlif dövrlərə aid Azərbaycan silahlarının hazırlanma texnologiyası, dekorativ tərtibatı, epiqrafik xüsusiyyətləri, simvolik mənası və zərgərlik sənəti ilə əlaqəsinə həsr olunmuş məruzələrlə çıxış ediblər.

Konfransda, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına həsr olunmuş digər tədqiqatlar təqdim edilib. Niğde Ömer Halisdemir Universitetinin dosenti Huriye Altuner muzeydə qorunan üçdişli nizənin simvolik mənasını, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov isə XIX əsrə aid silah kolleksiyasını araşdırıb.

Məruzələr ətrafında müzakirələrdə tarixi silahların atribusiyası, konservasiyası və muzey ekspozisiyalarında təqdimatı məsələləri diqqət mərkəzində olub.