XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
16 Oktyabr, 2026
Muzeydə "Molla Nəsrəddin" jurnalının 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Bakı Slavyan Universitetinin Sosial elmlər və regionşünaslıq fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə I kurs tələbələri üçün “XIX–XX əsrin əvvəllərində Azərbaycan mətbuatında milli və dini məsələlər: “Molla Nəsrəddin” jurnalı və Məşrutə hərəkatı” mövzusunda seminar təşkil olunub.

Seminarda muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov məruzə ilə çıxış edib. Muzeyin fondlarında qorunan dövri mətbuat nümunələrini tələbələrə təqdim edən məruzəçi Azərbaycan mətbuatının milli özünüdərkin formalaşmasında, maarifçilik ideyalarının yayılmasında və ictimai-siyasi fikrin inkişafında rolunu təhlil edib.

Məruzədə “Əkinçi”, “Şərqi-Rus”, “Açıq söz”, “Füyuzat” və “İşıq” nəşrlərinin maarifçilik, milli ideologiya və qadın hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti diqqətə çatdırılıb. Bu il 120 illiyi qeyd olunan “Molla Nəsrəddin” jurnalının ictimai fikrin formalaşmasına təsiri, dini xurafatın tənqidi və milli oyanış ideyalarının yayılmasındakı rolu xüsusi vurğulanıb.

Həmçinin jurnalın 1905–1911-ci illər İran Məşrutə hərəkatı ilə ideya əlaqələri, konstitusiyalı idarəçilik və maarifçilik ideyalarının yayılmasına töhfəsi tarixi faktlar və əyani materiallar əsasında şərh olunub.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb. Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar. Seminarda universitetin tələbələri ilə yanaşı, muzeyin əməkdaşları da iştirak ediblər.