XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
09 Oktyabr, 2026
Muzeydə Sara Aşurbəylinin irsinə həsr olunmuş elmi seminar keçirilib  

Milli Azərbaycan Tarixi Muzeyində Bakı Slavyan Universitetinin (BSU) Təhsil fakültəsinin tarix müəllimliyi ixtisası üzrə III kurs tələbələri üçün “Sara Aşurbəylinin yaradıcılığında milli, dini və təsəvvüfi məsələlər” mövzusunda elmi seminar təşkil olunub.

Seminarda muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov eyniadlı məruzə ilə çıxış edib. Məruzəçi görkəmli tarixçi alim Sara Aşurbəylinin zəngin elmi irsinə nəzər salaraq onun əsərlərində milli, dini və təsəvvüfi məsələlərin əksini ətraflı təhlil edib.

Tədbir zamanı Sara Aşurbəylinin elmi tədqiqatları əsasında Şirvanşahlar dövlətinin tarixi, Bakı şəhərinin keçmişi, sufilik və hürufilik cərəyanları, eləcə də orta əsrlərdə Azərbaycanla Hindistan arasında mövcud olmuş əlaqələr haqqında ətraflı məlumat verilib. Məruzə müvafiq slaydlarla müşayiət olunub, Sara Aşurbəylinin rəssamlıq fəaliyyəti və bədii yaradıcılığı haqqında da məlumat verilib.

Seminarın davamında tələbələr muzeyin ekspozisiyası ilə tanış olub, müzakirə olunan mövzularla bağlı maddi mədəniyyət nümunələri və tarixi eksponatları nəzərdən keçiriblər. Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Elmi seminar tələbələrin tədqiqat maraqlarının inkişafı, Azərbaycanın görkəmli tarixçi alimlərinin elmi irsinin, orta əsrlər tarixinin və milli mədəniyyətin daha dərindən öyrənilməsi baxımından əhəmiyyət daşıyır.