XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
11 İyun, 2026
Muzeydə “Muzey hamı üçündür” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may-18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilir.

İnsan Hüquqları Aylığı çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində “Hüquqlar hamı üçün, muzey hamı üçün” şüarı altında “Muzey hamı üçündür” adlı inklüziv tədbir keçirilib. Tədbirdə UAFA təşkilatının sağlamlıq imkanları məhdud uşaqları və onların valideynləri iştirak ediblər. Tədbirin məqsədi iştirakçıların mədəni həyata inteqrasiyasını dəstəkləmək, yaradıcılıq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eyni zamanda insan hüquqları sahəsində maarifləndirməni gücləndirmək olub.

Tədbir çərçivəsində iştirakçılar üçün Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş interaktiv dərs, həmçinin buta fiqurlarının rənglənməsi üzrə master-klass təşkil edilib. Daha sonra “Hüquqlar Ağacı” adlı fəaliyyət keçirilib. İştirakçılar öz hüquq və arzularını xüsusi kartlara yazaraq ağacın budaqlarına yerləşdiriblər.

Beləliklə, “Hüquqlar hamı üçün, muzey hamı üçün” şüarı altında keçirilən tədbir iştirakçıların həm yaradıcılıq fəaliyyətlərinə cəlb olunmasına, həm insan hüquqları barədə məlumatlılığının artırılmasına, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə daha yaxından tanış olmalarına töhfə verib.