Aprelin 7-də Milli Azərbaycan Tarixi Muzeyi və Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər İctimai Birliyininin birgə təşkilatçılığı ilə muzeydə şəhid Raquf Orucova, eyni zamanda Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Murov qartalı” adlı anım tədbiri keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, C.Naxçıvanski adına Hərbi liseyin kursantları, sözü gedən İctimai Birliyin və muzeyin əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Raquf Orucova həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbiri Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq, tədbirin əhəmiyyətindən danışıb.
Sonra muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə və şəhid polkovnik-leytenant Raquf Orucovun qardaşı Zabil Orucov çıxış edərək, şəhid Raquf Orucovun döyüş yolu və hərbi xidmətləri, eyni zamanda Aprel döyüşlərinin əhəmiyyəti haqqında məlumat veriblər.
Tədbirin bədii hissəsində gənc ifaçı Rəşad İsmayıl, Azərbaycan mədəniyyəti sosial şəbəkə platformasının solistləri Sabir Səxavətoğlu və Fərid Əzizli çıxış ediblər.
Sonda iştirakçılar şəhid Raquf Orucovun ailəsi tərəfindən muzeyə təqdim olunan şəxsi əşyaları ilə yaxından tanış olub və xatirə şəkilləri çəkdiriblər. Bu əşyalar Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Nigar Əhmədlinin vasitəçiliyi ilə toplanılıb.