Muzeydə “Arxeoloji artefaktların muzey fondunda sənədləşdirilməsi və qorunması prosesi” mövzusunda elmi seminar təşkil olunub. Tədbirdə Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə tərəfindən Azərbaycan Universitetinin "Muzey işi, arxeologiya və mədəni irsin qorunması" ixtisası üzrə təhsil alan tələbələri üçün seminar keçirilib. Tədbirin məqsədi gənc mütəxəssislərin ixtisaslaşdığı sahədə bilik və bacarıqlarını artırmaq olub. Tələbələrə muzey fondlarının idarə olunması və arxeoloji materialların qorunması üzrə nəzəri və praktik biliklər təqdim olunub.
Məruzəçi artefaktların aşkar olunmasından muzey fonduna qəbuluna qədər keçdiyi mərhələləri izah edib, ilkin qeydiyyat, elmi pasportlaşdırma, inventarlaşdırma və kataloqlaşdırmanın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, düzgün sənədləşdirmə həm elmi dövriyyə, həm də mədəni irsin qorunması baxımından vacibdir.
Seminarda həmçinin artefaktların saxlanma şəraiti, temperatur və rütubət rejimi, bərpa və konservasiya prosesləri, eləcə də rəqəmsallaşdırma və elektron məlumat bazalarının tətbiqi kimi müasir yanaşmalar haqqında məlumat verilib.
İnteraktiv formatda keçən seminar zamanı tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb. Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.