Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin IV kurs tələbələri, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları və muzeyin elmi işçiləri üçün növbəti elmi-maarifləndirici tədbir təşkil olunub.
Məşğələ çərçivəsində muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Həbibə Əliyeva tərəfindən “Sulara qərq olmuş şəhərin arxeoloji möcüzələri” adlı elmi məruzəsi elektron slayd müşayiəti ilə iştirakçılara təqdim olunub.
Tələbələrə Xəzər dənizinin səviyyə dəyişmələri nəticəsində sahilboyu yaşayış məskənlərinin su altında qalmasının tarixi-coğrafi mənzərəyə təsiri geniş şəkildə izah edilib. Qeyd olunub ki, 1969-cu ildə muzeydə yaradılmış sualtı arxeoloji tədqiqat qrupu tərəfindən Xəzərin Azərbaycan sektorunda aparılan araşdırmalar zamanı su altında qalmış I və II Bəndovan şəhərgahlarından zəngin maddi-mədəniyyət nümunələri aşkar olunub. Bu artefaktlar üzərindəki epiqrafik yazılar, ərəb və farsdilli kitabələr, həmçinin keramika nümunələri elmi baxımdan təhlil edilərək, onların tarixi-mədəni əhəmiyyəti əsaslandırılıb.
Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Sonda bildirilib ki, "Arxeo Klub" çərçivəsində gələcəkdə də nadir artefaktlara həsr olunan silsilə elmi təqdimatların təşkili planlaşdırılır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.