XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
19 Mart, 2026
Muzeyin əməkdaşının “Şeyx Əbu Tahir əs-Siləfi və Azərbaycan” adlı kitabı Misirdə ərəb dilində nəşr olunub

Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, tarix elmləri doktoru Nərgiz Əliyevanın “Şeyx Əbu Tahir əs-Siləfi və Azərbaycan” kitabı ərəb dilində Misirdə nəşr edilib.

İskəndəriyyə Kitabxanası Nəşr və Yayım Evi tərəfindən çap olunan kitabda XII əsrdə Azərbaycanda olmuş sufi alim və səyyah Şeyx Əbu Tahir əs-Siləfinin “Mucəm əs-Səfər” əsəri əsasında Azərbaycanın mədəni həyatı tədqiq edilir. Elm və ədəbiyyatda tərəqqi baxımından Azərbaycanı Şərqin Əndəlusu adlandırmış iskəndəriyyəli alimin əsərində Azərbaycandan çıxmış 117 mühəddis, fəqih, sufi şeyx, hafiz, şair, katib, ədib haqqında məlumat verilir. Ərəbdilli oxuculara təqdim edilən əsər Azərbaycan ziyalılarının və məşhur şəxsiyyətlərinin adlarının üzə çıxarılması və Azərbaycanla müsəlman dünyası ölkələri arasındakı elmi-ədəbi əlaqələri öyrənmək baxımından olduqca qiymətli mənbədir. Əs-Siləfini digər səyyahlardan fərqləndirən cəhət budur ki, o, kitabında Araz çayından cənubda və şimalda yerləşən Azərbaycan coğrafiyasının əsas şəhərlərində olub, buradakı elmi-mədəni həyatı öyrənib. Məlumat üçün bildirək ki, Əbu Tahir əs-Siləfi ömrünün böyük hissəsini Misirin İskəndəriyyə şəhərində keçirmiş və burada dəfn olunmuşdur.

Ərəbdilli oxucular üçün nəşr edilən bu kitab Azərbaycan ziyalılarının və tanınmış şəxsiyyətlərinin tanıdılması, həmçinin Azərbaycan ilə müsəlman dünyası ölkələri arasında elmi və ədəbi əlaqələrin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.