XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
27 Fevral, 2026
Muzey əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dosent Əli Fərhədovun “Varlıq” jurnalında qadın məsələsi: Cavad Heyətin əsərləri əsasında” adlı məqaləsi “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2026-cı il üzrə ilk nömrəsində (No-1) dərc olunub. Məqalədə görkəmli alim və publisist Cavad Heyət tərəfindən təsis edilmiş “Varlıq” jurnalında dərc olunan yazılar əsasında qadın məsələsinə yanaşma geniş şəkildə təhlil edilir. Tədqiqatda jurnal materiallarına istinad edilərək, qadınların dini və dünyəvi təhsil almasının vacibliyi, cəmiyyətdə kişi ilə bərabər hüquqlara malik olmasının əhəmiyyəti vurğulanır. Araşdırmada Qurani-Kərim ayələri və hədislərə əsaslanaraq, qadının ictimai həyatda fəal iştirakının dini baxımdan da dəstəkləndiyi qeyd olunur. Müəllif, həmçinin Kitabi-Dədə Qorqud dastanındakı qadın obrazlarını nümunə göstərərək, türk qadınının tarixən cəsur, mənəvi dəyərlərə bağlı və ictimai proseslərdə fəal mövqe tutduğunu əsaslandırır. Məqalədə dini radikalizm, fanatizm və qadın azadlığını məhdudlaşdıran köhnə stereotiplər tənqid edilir, qadın hüquqlarının təmininin modern təhsil və milli-mənəvi dəyərlərə düzgün yanaşma ilə mümkün olduğu qənaətinə gəlinir. Qeyd edək ki, Tehranda və Ankarada çap olunmuş 'Varlıq" jurnalının bəzi sayları muzeydə mühafizə olunur, tədqiq və təbliğ edilir.