XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
26 Fevral, 2026
Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımına həsr olunmuş fotosərgi açılıb

Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Zamanı dayandıran gecə” adlı fotosərginin açılışı muzeydə baş tutub. Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, Xocalı faciəsinin Azərbaycan tarixində ən ağır və faciəli səhifələrdən biri olduğunu qeyd edib. Akademik N.Vəlixanlı vurğulayıb ki, belə sərgilərdə Xocalı faciəsinin ağrılı izləri, tarixi yaddaş və insan taleləri təqdim edilən fotolar vasitəsilə tamaşaçılara çatdırılır.

Daha sonra Muzeyin fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi, sözügedən sərginin kuratoru Mirnaib Həsənoğlu və Kosmos və ekologiya məsələləri üzrə ekspert, professor Fuad Hacızadə çıxış edərək, Xocalı həqiqətlərinin vizual yaddaş vasitəsilə çatdırılmasının vacibliyini diqqətə çatdırıblar. Faciələrin unudulmamasının və tarixi yaddaşın qorunmasının cəmiyyət üçün əhəmiyyətindən bəhs edilib, eyni zamanda belə təşəbbüslərin maarifləndirici rolunu vurğulayıblar. 

Qeyd edək ki, hazırda fotosərgidə fotoqraflar Oleq Litvin, Eduard Ponyagin, Xalid Əsgərov, İlqar Cəfərov, Şahvələd Eyvazov və Mirnaib Həsənoğlunun əsərləri nümayiş olunur. Sərginin diqqətçəkən məqamlarından biri fotoqraf Eduard Ponyaginin aero fotolarının ilk dəfə ictimaiyyətə təqdim edilməsidir.

Fotosərgiyə giriş sərbəstdir.