1958-ci ildə Şamaxı rayonunun Xınıslı qəsəbəsində 4 ədəd mis sikkə aşkar olunub. Aparılan numizmatik təhlillər nəticəsində sikkələrdən üçünün Şirvanşah III Fəriburz ibn Gerşasbın (hicri 622–653 = 1225–1255) hakimiyyəti dövründə zərb edildiyi müəyyən edilib. Sikkələrdən birinin üzərindəki yazılar oxunmadığından onun dəqiq təyinatı mümkün olmayıb.
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda III Fəriburz dövrünə aid bir neçə tipdə buraxılmış xeyli sayda mis sikkə – fels və dirhəmlər qorunur. Monqol basqınları ilə müşayiət olunan I Gərşasbın və III Fəriburzun hakimiyyəti illərində Şirvanda ciddi çətinliklər yaşansa da, sikkə zərbi davam etdirilib.
30 ildən artıq hakimiyyətdə olmuş III Fəriburz dövrünün pul təsərrüfatında işlək sikkəyə olan tələbatı ödəmək üçün mis sikkələr zərb edilirdi. Bu sikkələrdə ərəb qrafikası ilə şirvanşahın öz adı, atasının və babalarının adları, titulları, həmçinin İslam yazıları (Allahdan başqa ilah yoxdur, Məhəmməd Allahın elçisidir), Abbasi xəlifələri–ən-Nasir (575–622=1179-1225), əl-Mustənsir (hicri 623–640=1226-1242) və əl-Mustəsimin (hicri 640–656=1242-1258) adları və titulları (möminlərin əmiri) həkk edilirdi.
Müxtəlif diametr və çəkidə (2–10 qram), əksər hallarda itiuclu formalı olan bu sikkələrdə zərbxana və zərb tarixi həkk edilmirdi. Dövrün hərbi-strateji və iqtisadi baxımdan önəmli şəhər-zərbxanalarında (Bakı, Şamaxı, Dərbənd) zərb edilən belə sikkələrin numizmatik təhlilinə əsasən, III Fəriburz “şirvanşah”, “dünya və dinin əzəmətli məliki”, “zəfər qazanmış məlik”, “ədalətli məlik” titullarına malik olmuşdur.
Hazırda muzeyin ekspozisiyasında nümayiş etdirilən bu sikkələr Azərbaycanın müxtəlif bölgələrində (Bakı, Quba, Dəvəçi və.s.) aparılan həm arxeoloji qazıntılar zamanı, həm də təsadüfən aşkar edilib.