Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Seyla Sağlık Yavuzer, Ahıska türkləri ilə bağlı layihə çərçivəsində beynəlxalq interaktiv sərginin kuratorları Beste Gürsu və Sina Gürsu, Azərbaycanda Yaşayan Ahıska Türklərinin “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olublar.
Qonaqlar muzeyin direktoru, akademik Nailə Vəlixanlı, muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini– baş mühafiz, tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalova, muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova, muzeyin Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova ilə görüşüblər . Görüş zamanı Ahıska Türklərinin deportasiyasına həsr olunmuş beynəlxalq interaktiv sərgi layihəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. 1944-cü il Ahıska Türklərinin öz vətənlərindən məcburi köçürülməsinə həsr olunmuş beynəlxalq interaktiv sərgi layihəsi Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanovun rəhbərliyi ilə DATÜB-ün beynəlxalq miqyasda keçirilməsi nəzərdə tutulub. Akademik Nailə Vəlixanlı bu mövzunun tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamış, sərginin müasir interaktiv formatda hazırlanmasının bu tarixi hadisələrin geniş auditoriyaya daha təsirli şəkildə çatdırılmasına imkan verəcəyini qeyd etmişdir. Eyni zamanda bildirildi ki, muzeydə Ahıska Türklərinə dair materiallar mühafizə olunur və bu materialların gələcək sərgilərdə nümayiş etdirilməsi nəzərdə tutulur.
Qonaqlar sərginin Azərbaycanla yanaşı, 7 ölkədə təqdim ediləcəyini vurğuladılar. Kuratorlar Beste Gürsu və Sina Gürsu sözügedən sərgi zamanı interaktiv təqdimat formatının ziyarətçilərlə mövzu arasında emosional bağ yaradacağını qeyd etmiş, sərginin beynəlxalq miqyasda geniş maraq doğuracağını bildirmişlər.
Görüş zamanı sərginin konsepsiyası, ekspozisiyada istifadə olunacaq materiallar və təşkilati məsələlər müzakirə edilmiş, tərəflər gələcək əməkdaşlıq perspektivlərini dəyərləndirmişlər.