XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
05 Fevral, 2026
Unikal baş bəzəyində Humay Ana simvolu

Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan bu unikal baş bəzəyi qədim inancların və estetik düşüncənin nadir nümunələrindəndir. Şamaxının Xınıslı ərazisindən tapılmış bu baş bəzəyi uzun müddət sadəcə hakimiyyət rəmzi kimi dəyərləndirilsə də, müasir elmi yanaşmalar onun qadın və ana kultu ilə daha sıx bağlı olduğunu göstərir. Baş bəzəyinin mərkəzindəki quş fiquru türk mifologiyasında Humay Ana ilə əlaqələndirilir və qadınları, uşaqları qoruyan müqəddəs varlıq kimi qəbul olunur. Humay Ana obrazı bu bəzəkdə məhsuldarlıq, himayə və yeni həyatın başlanğıcı ideyasını simvolizə edir. Ornamentlərin ritmi və kompozisiyası bəzəyin sırf estetik deyil, eyni zamanda mənəvi-mifoloji məna daşıdığını açıq şəkildə göstərir. Bu detal, qədim türklərdə qadının cəmiyyətdəki xüsusi mövqeyini və analığın müqəddəsliyini əks etdirən güclü vizual mesajdır. Qeyd edək ki, sözügedən baş bəzəyi hazırda Macarıstan Milli Muzeyində keçirilən “Attila” adlı beynəlxalq sərgidə nümayiş olunur və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.