Qazaxıstan Respublikasının Şımkənd şəhərində ilk dəfə olaraq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “MIRAS” Türk dəb etno dizaynerlərinin Beynəlxalq Forumu keçirilib.
Forumda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini- baş mühafiz, t.ü.f.d, dosent Məhfuzə Zeynalova “Azərbaycan milli motivləri dizaynerlərin yaradıcılığında” (Народные мотивы в творчестве современных дизайнеров Азербайджана) və muzeyin Xüsusi fondunun müdiri, t.ü.f.d., dosent Afət Rüstəmbəyova “Azərbaycanlıların ənənəvi geyim dəstləri və dəb istiqamətləri XVIII-XX əsrin əvvəllərində” (Традиционный народный костюм азербайджанцев и модные тенденции XVIII - нач. XX веков) adlı məruzələrlə çıxış ediblər. Çıxış zamanı M.Zeynalova milli motivlərin müasir dizayn işlərində geniş istifadə olunduğunu və yaradıcılığa özünəməxsus rəng qatdığını bildirib. A.Rüstəmbəyova Türk dünyası ortaq geyim ənənələrindən danışıb, qeyd edib ki, etnodizayn təkcə keçmişi qoruyub saxlamaq deyil, həm də onu yeni məna ilə tamamlayan yaradıcı istiqamətdir.
Forum çərçivəsində “Turk geyim və ornament semiotikası" adlı elmi praktiki beynəlxalq konfransda Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, eləcə də Qazaxıstanın Astana, Almatı və Şımkənd şəhərlərindən olan dizayner, sənətkar, alim və tədqiqatçıların məruzələri dinlənilib, eyni zamanda ustad dərsləri, yarmarka və dəfilə təşkil edilib.
Həmçinin, Afət Rüstəmbəyova Qazaxıstan Respublikasının mədəniyyət kanalının qonağı olub və sözügedən forumla bağlı təəssüratlarını bölüşüb.
Ətraflı keçiddə