Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadənin “Azərbaycan arxeologiyası” jurnalının növbəti nömrəsində (№ 1, cild 24, 2021, səh. 31-48) “Qarabağın daş dövrü maddi mədəni irsi muzey arxeologiyası müstəvisində (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)” adlı elmi məqaləsi işıq üzü görüb. Məqalə Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağın daş dövrü abidələrinin, o cümlədən maddi mədəniyyət nümunələrinin öyrənilməsi, qorunması, bərpası və sərgilənməsi işindəki roluna həsr olunub. Müəllif bu məqaləni ərsəyə gətirmək üçün əşyavi və sənədli mənbələrlə yanaşı, çoxsaylı elmi-tədqiqat əsərlərindən də bəhrələnib. Məqalədə Muzeyin arxeoloji kolleksiyasında yer almış Azıx, Tağlar, Çalağantəpə, İsmayılbəytəpə və Fərmantəpə abidələrinin tapıntıları şərh edilib. Mövzunun xronoloji çərçivəsi isə Paleolitdən Xalkolitə (Eneolitə) və ya 1,5 milyon il bundan əvvəldən e.ə. IV minilliyin birinci yarısına qədər olan zaman kəsiyini əhatə edir. Məqalə tarixçilər, arxeoloqlar, muzeyşünaslar, eləcə də Qarabağın qədim dövr maddi mədəniyyəti ilə maraqlanan mütəxəssislər, müəllimlər və tələbələr üçün faydalı ola bilər.
9 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.