Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında “Tirmə” adlı yeni kataloqu işıq üzü görüb. Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifi muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d, dos. Gülzadə Abdulova, tərtibatçısı, həmin şöbənin elmi işçisi Fəridə Xəlilovadır. Təqdim olunan kataloqa Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında toplanmış tirmə parçası və tirmədən hazırlanan məmulat daxil edilmiş, tirmənin tarixi, Azərbaycan məişətində yeri haqqında bəhs olunmuşdur. Araşdırmada tirmə məmulatı müxtəlif qruplara ayrılmış (geyim elementləri; toy ləvazimatları; evlərin daxili sahmanı üçün istifadə edilən maddi mədəniyyət nümunələri; dini əşyalar; aksessuarlar; at əsləhələri), onların hazırlanma texnologiyası, naxış elementləri, bədii tərtibatı haqqında məlumat verilmişdir. Kataloqda ilk dəfə bu vaxta qədər tikmə kimi tanınan məmulatın əslində tirmə parçanın “amali” və ya “amalikar” növü olduğu aşkara çıxarılmışdır.
Ümid edirik ki, Azərbaycan mədəni irsinin araşdırıcıları , ümumiyyətlə, geniş ictimaiyyət üçün nəzərdə tutulan kataloqumuz keçmiş məişət haqqında müəyyən təəssürat yarada biləcək , elmi axtarışlar üçün faydalı olacaqdır.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.