Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan nəşr akademik Nailə Vəlixanlının 85 illik yubileyinə həsr olunub. Biblioqrafik göstərici AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən tərtib edilib.
Nəşrdə akademik Nailə Vəlixanlı haqqında görkəmli şəxsiyyətlərin fikirləri, alimin müəllifi olduğu elmi və publisistik əsərlər, tezis və məruzələr, həmçinin elmi rəhbərliyi ilə hazırlanmış dissertasiya işləri haqqında biblioqrafik məlumatlar yer alıb.
Akademik Nailə Vəlixanlı Azərbaycan və Yaxın Şərqin orta əsrlər tarixi, ərəb xilafəti, mənbəşünaslıq, tarixi coğrafiya, sosial-iqtisadi və siyasi-mədəni münasibətlər üzrə mühüm elmi tədqiqatların müəllifidir. Onun elmi yaradıcılığı 200-dən artıq əsəri əhatə edir. Alimin Azərbaycan tarixinə dair muzey materiallarının araşdırılması istiqamətindəki fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır.
“Elm” nəşriyyatında çap olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktoru Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, tərtibçisi isə Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzovadır.
Nəşr tarixçilər, arxeoloqlar, etnoqraflar, tədqiqatçılar və Azərbaycan tarixinin öyrənilməsi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Biblioqrafik göstəricinin elektron versiyası Mərkəzi Elmi Kitabxananın elektron kitabxanasında yerləşdirilib.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.