Muzeyin “Azərbaycanın orta əsr basmanaxışlı küpləri” adlı yeni kataloqu işıq üzü görüb (Bakı: “Təhsil”, 2022, 88 səh.). Kitabın elmi məsləhətçisi muzeyin direktoru, akademik Nailə Vəlixanlı, elmi redaktoru t.ü.e.d. Tarix Dostiyev, mətnin müəllifi t.ü.f.d. Aida İsmayılovadır.
Kataloqda Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında yer alan orta əsrlərə aid saxsı məmulatları- üzərinə basma üsulu ilə mürəkkəb kompozisiyalar, əsasən heyvan və bitki təsvirləri həkk edilmiş küp nümunələri və onların fraqmentləri təqdim olunur. Qeyd edək ki, kataloqa cəlb olunmuş həmin küplər Mingəçevir, Gəncə və Beyləqan şəhər yerlərindən aşkar olunmuş XII-XIII əsrlərə aid tapıntılardır.
Arxeoloji materiallar bu və ya digər dərəcədə təmsil etdikləri dövrün sosial-iqtisadi həyatı, mədəni-ticari əlaqələri ilə bərabər, incəsənəti, insanların dini-fəlsəfi dünyagörüşü, bədii təfəkkürü haqqında məlumatların daşıyıcısıdır. Bu mənada küplərin üzərində olan antropomorf, zoomorf təsvirlər həm diqqəti cəlb edir, həm də o dövrün dulusçularının, əhalisinin bədii-estetik zövqü, dünyagörüşü haqqında müəyyən təsəvvürlər yaradır. Bundan əlavə tariximizin bir parçası olan bu arxeoloji materialların təbliğatı, geniş oxucu kütləsinə tanıdılması da olduqca vacib məsələlərdəndir.
Basmanaxışlı küplər ayrı-ayrı arxeoloq-alimlərin məqalələrində öyrənilsə də, kompleks şəkildə elmi-kütləvi formada nəşr olunmamışdır. Ümid edirik ki, bu maddi mədəniyyət nümunələrinin kataloq şəklində ərsəyə gətirilməsi tədqiqatçılar üçün də əlçatan mənbə rolunu oynayacaqdır.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.