2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində Bakı Avropa Liseyinin şagirdləri üçün maarifləndirici interaktiv dərs, kvest və kviz oyunları, eləcə də ustad dərsi təşkil olunub.
Tədbirin ilk hissəsində Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı şagirdlərə Muzeyin yerləşdiyi tarixi bina, görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sarayı haqqında ətraflı məlumat verib. İnteraktiv dərs zamanı binanın memarlıq xüsusiyyətləri, interyer və eksteryer tərtibatı, həmçinin Bakı şəhərinin memarlıq tarixində tutduğu mühüm yer diqqətə çatdırılıb.
Daha sonra İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsinin rəhbərliyi ilə şöbənin əməkdaşları Qənirə Qafarlı, Aynur Babayeva, Ülviyyə Niftəliyeva və Kübra Dadaşovanın iştirakı ilə Hacı Zeynalabdin Tağıyevin sarayına həsr olunmuş kvest və kviz oyunları keçirilib. İştirakçılar interaktiv sual və tapşırıqlar vasitəsilə biliklərini sınayıb, Azərbaycanın tarixi-memarlıq irsi haqqında məlumatlarını genişləndiriblər.
Tədbir çərçivəsində şöbənin baş mütəxəssisi Nigar Əhmədlinin iştirakı ilə ustad dərsi də təşkil olunub. Şagirdlər Qız qalasının formasında hazırlanmış gips fiqurlarını rəngləyərək yaradıcılıq bacarıqlarını nümayiş etdirib, tarixi memarlıq abidələrinə maraqlarını praktiki fəaliyyət vasitəsilə ifadə ediblər.
Tədbirin əsas məqsədi şagirdlərin şəhərsalma və memarlıq sahəsində biliklərini artırmaq, Azərbaycanın tarixi-memarlıq irsinə marağı gücləndirmək, mədəni irsin qorunması və təbliği istiqamətində maarifləndirmə işini təşviq etmək olub.