
1939-cu ildə Xankəndi rayonunun Kərkicahan kəndində yerli sakinlər tərəfindən gümüş sikkələrdən ibarət saxsı küp aşkar olunub. Tapıntı daha sonra Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Yevgeni Paxomov (1880–1965) tərəfindən tədqiq edilib. Alimin numizmatik təyinatına əsasən tapıntı Səfəvi hökmdarları (I Süleyman, Hüseyn, II Təhmasib, III Abbas, III İsmayıl), Əfqan şahları (anonim), Əfşarlar (Nadir), Zəndilər (anonim), Gəncə xanları (anonim), Osmanlılar (III Əhməd) və Baburilər (Muhəmməd) dövrünün gümüş sikkələri kimi müəyyən edilib. Sikkə dəfinəsində Naxçıvan, Gəncə, Təbriz, Kaşan, Qəzvin, Məşhəd, Şiraz, Nadirabad, Rəşt, Mazandaran, İsfəhan, Huveyzə, Tiflis və d. zərbxanalarında istehsal edilən Səfəvi gümüş sikkələri (mahmudi, abbası) dövrün pul təsərrüfatında əsas sikkə kimi istifadə olunub. Belə sikkələr hökmdar adı, titulu, zərb yeri, ili və dini ifadələr həkk olunub. Sikkə dəfinəsində həm də hicri 1172-ci (1758-1759) ildə Gəncədə zərb edilən gümüş abbası da var. Sözügedən sikkəyə sultan Nadirin adı həkk edilib. Sikkə dəfinəsindəki erkən sikkə hicri 1088-ci (1677-1678), sonuncu sikkə isə 1172 (1758-1759) ilə aiddir. XVIII əsrin III rübündə torpağa gömülmüş belə sikkələr Azərbaycanın pul təsərrüfatı ilə yanaşı xarici (Türkiyə, Hindistan, Əfqanıstan və d.) ticarət əlaqələrinin tədqiqində böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, təqdim edilən sikkələr hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunur .