Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Baburilər imperiyası (1526–1857) dövrünə aid, Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyan gümüş rupilər qorunur.
Şuşa, Füzuli, Xocavənd rayonunun Tuğ kəndi, Xankəndi rayonunun Kərkicahan qəsəbəsi, Şamaxı, Şəki, Abşeron və Cəlilabadda aşkar edilmiş sikkə dəfinələrinin numizmatik təhlili nəticəsində Baburi hökmdarları Aurəngzib Aləmgir (1658–1707), Fərruxsiyər (1713–1719), Rafi ud-Dərəcat (1719) və Məhəmməd şahın (1719–1748) hakimiyyəti dövründə zərb edilmiş gümüş rupilər müəyyən olunmuşdur.
Atava, Şahcahanabad, Əkbərabad və digər zərbxanalarda istehsal edilən, çəkisi 11–11,6 qram olan rupilərin üzərində nəstəliq xətti ilə hökmdarın adı və fəxri titulları, zərbxananın adı, hicri təqvimlə zərb tarixi və hakimiyyət ili (culus) həkk edilirdi. Sikkələrdə rast gəlinən «bədşah qazi», «sahibqıran sani» və digər epiqrafik ifadələr Baburi hökmdarlarının siyasi nüfuzunu və hakimiyyət ideologiyasını əks etdirir.
Baburilər imperiyasının pul sistemində gümüş rupilərlə yanaşı, qızıl «möhür»lər, həmçinin müxtəlif nominallı «fels» və «paisa» adlı mis sikkələr də dövriyyədə olmuşdur.
Azərbaycan ərazisində XVII əsrin ikinci yarısı – XVIII əsrin birinci yarısına aid Baburi rupilərinin son Səfəvilər, Əfqan şahları, Əfşarlar, Zəndilər, Azərbaycan xanlıqları və Osmanlı dövlətinin gümüş sikkələri ilə birlikdə aşkar edilməsi dövrün pul dövriyyəsini, Azərbaycanın regional və beynəlxalq ticarət əlaqələrini araşdırmaq üçün mühüm numizmatik mənbədir.