Yeni Azərbaycan Partiyasının Səbail rayonunun Milli Azərbaycan Tarixi Muzeyi ərazi təşkilatının və Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri və muzey əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının “Z. Tağıyev küçəsi, 4” ərazi partiya təşkilatının sədri, dosent Bəhman Kərimov açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda mədəniyyətin inkişafı, muzey işinin təşkilinə göstərdiyi diqqət və tarixi abidələrin qorunması sahəsində misilsiz xidmətlərindən bəhs edib.
Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Davud Davudov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı müstəsna rolundan danışıb.
Tədbirin sonunda xatirə fotosu çəkilib.