XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
15 May, 2025
Muzeydə Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, tanınmış Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə ölkə miqyasında silsilə tədbirlər həyata keçirilir. Sözügedən Sərəncam çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində “Mirzə Qədim İrəvani dövrü, mühiti və yaradıcılığı ” mövzusunda  tədbir keçirilib.

Tədbirdə çıxış edən muzeyin Təsviri materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifova qeyd edib ki, Mirzə Qədim İrəvaninin Azərbaycan rəngkarlığının təşəkkülündəki əhəmiyyətli rolunu gələcək nəsillərə çatdırmaq olduqca vacib məsələdir. O, klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək,  özünəməxsus orijinal üslub formalaşdırıb. Bu isə Azərbaycan təsviri sənəti tarixində yeni bir mərhələnin başlanğıcı olub.

Sonra muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov, Qərbi Azərbaycan mövzusunun aktual olduğunu bildirərək belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Digər çıxışçılar Mirzə Qədim İrəvani haqqında maraqlı faktları  diqqətə çatdırıblar.

Tədbirin sonunda Mirzə Qədim İrəvaninin əsərləri əsasında Bakı İncəsənət gimnaziyasının və 108 saylı orta məktəb şagirdlərinin əsərləri də nümayiş olunub.