
Milli Azərbaycan Tarixi Muzeyinin Dədə Qorqud Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalı tərəfindən “Hacı Zeynalabdin Tağıyev” ordeni ilə təltifolunma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Dədə Qorqud Fondunun təsisçisi Eldar İsmayılov açaraq, Milli Azərbaycan Tarixi Muzeyinin elm, maarifçilik və milli dəyərlərin təbliği sahəsindəki çoxillik fəaliyyətini yüksək qiymətləndirib və bu fəaliyyətin Hacı Zeynalabdin Tağıyev irsi ilə ideya və ruh baxımından uzlaşdığını qeyd edib. E.İsmayılov bu mükafatı məhz belə nüfuzlu və xalqın mədəni yaddaşına xidmət edən bir quruma təqdim etməyin onlar üçün böyük şərəf olduğunu vurğulayıb.
Sonra xeyriyyəçi, messenat Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş filmin rejissoru Zaur Qasımlı çıxış edib. Z.Qasımlı qeyd edib ki, Tağıyev haqqında filmi çəkmək onun üçün həm böyük mənəvi yük, həm də dərin qürur hissi olub. H.Z.Tağıyev kimi dahi şəxsiyyətin həyat yolunu ekranlaşdırmaqla yanaşı, məhz onun sarayında bu film haqqında çıxış etmək rejissor üçün xüsusi əhəmiyyət daşıyır və unudulmaz bir təcrübə kimi yadda qalır.
Tədbirin yekununda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək, bu təltifin ölkəmizin tarixinin qorunması, mədəni irsimizin təbliği və maarifçilik ənənələrinin davam etdirilməsində muzeyin xidmətlərinə verilən yüksək qiymət olduğunu bildirib. N.Vəlixanlı Hacı Zeynalabdin Tağıyev irsinin muzeyin fəaliyyətində mühüm yer tutduğunu vurğulayaraq, bu kimi təltiflərin tarixi yaddaşın, ictimai dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, təşəbbüsə görə Dədə Qorqud Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalının rəhbər heyətinə öz təşəkkürünü bildirib.
Tədbirdə tanınmış ziyalılar, mədəniyyət xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.