Hədiyyələr və xatirə əşyaları fondu

Milli Azərbaycan Tarixi Muzeyin “Hədiyyələr və xatirə əşyaları fondu” 1955-ci ildə yaradılmış “Sovet dövrü” fondunun materiallarının bir qismi əsasında 2009-cu ildə təşkil olunmuşdur. Hazırda fondda 5665 ədəd eksponat vardır. Bunların təxminən 1000 ədədi respublikamıza və bilavasitə Milli Azərbaycan Tarixi Muzeyinə verilmiş hədiyyələrdir. Fond eksponatları içərisində Rusiya prezidenti Vladimir Putinnin, Türkiyə prezidenti Turqut Ozalın, Əfqanıstan kralı Məhəmməd Zakir şahın, İndoneziya prezidenti Sukarnonun, Misir prezidenti Camal Əbdül Nasirin, Türkmənistan prezidenti Qurbanqulu Melikquliyeviç Berdimuhamedovun hədiyyələri xüsusi yer tutur.

Fondun xatirə əşyalarına neft sahibkarı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, şair və yazıçılardan Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, akademiklərdən Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Ələşrəf Əlizadə, Həsən Abdullayev, Fərəməz Maqsudov, İsmayıl Hüseynov, bəstəkarlardan Müslüm Maqamayev, Üzeyir və Zülfüqar Hacıbəyovlar, Fikrət Əmirov, Qara Qarayev, bəstəkar-dirijor Niyazi, aktyorlardan Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Ələsgər Ələkbərov, Mərziyə Davudova, Əli Qurbanov, Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Sosialist Əməyi Qəhrəmanı Sabit Orucov, Süleyman Vəzirov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, AXC-nin hərbi naziri Səmədağa Mehmandarov, Dövlət Nəzarət naziri Nəriman Nərimanbəyli, Azərbaycan Milli Demokratik hərəkatının liderlərindən biri, Müstəqil Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəy və onlarla başqalarına məxsus memorial kolleksiyalar aiddir. 

Fondda eksponatların təsviri, tematik izahlı kartların, nisbətən daha maraqlı və nadir eksponatlara elmi pasportların tərtibi, eksponatların elektron pasportlaşdırılması, kataloqların hazırlanması, yaradıcı təşkilatlara və ayrı-ayrı şəxslərə köməklik göstərilməsi üzrə iş aparılır , konservasiya və bərpa üçün, Muzeydə təşkil olunan sərgilər üçün materiallar seçilir. Fondun materialları əsasında “Dost ellərin hədiyyələri” sərgisi təşkil edilmiş və eyni adda kataloq nəşr olunmuşdur.”Maestro Niyazi”, “Elmin qızıl fondu”, “Azərbaycan bayraqları”, “Azərbaycan generalları”, “Əziz Əliyev”, “Bakının teatr həyatı”, “Azərbaycanin neft salnaməsi” kataloqlarının hazırlanmasında da fondun materiallarından geniş istifadə edilmişdir.

Fonda rəhbərlik etmişlər. Ağa Rəhimov (1955), Əsgər Abdullayev (1955-1957), Tofiq Dadaşov (1957- 1958), Rövşanə Haşımova (1958-1961), Mira Əliyarova (1961-1964), Zümrüd Quliyeva (1964-1970), Rəna Səfərova (1970-ci ildən).